Mingəçevirdə evdə partlayışa görə vəzifəli şəxsə cəza verildi

Şəki Apellyasiya Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Mahir İmanovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.

Azdin.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Mingəçevir Şəhər Məhkəməsinin hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, 28 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivində yerləşən evlərin birində qaz sızması nəticəsində güclü partlayış olub. Nəticədə ev tamamilə yanıb və yararsız vəziyyətə düşüb.

Hadisə zamanı partlayış baş verən evin sahibi, 55 yaşlı Sevinc Qəmbərova, 1992-ci il təvəllüdlü İlkin Məmmədov və qonşu evdə yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Daha sonra yaralılardan biri xəstəxanada ölüb.

Hadisədən sonra QSC-lərdən birində xətt baxıcısı vəzifəsində işləyən Mahir İmanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti
Çox oxunanlar