Ali Məhkəmə özünü generalın qohumu kimi təqdim edən şəxslə bağlı qərar verdi

Özünü Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qohumu kimi təqdim edən Bəxtiyar Yusifovun məhkəməsi başa çatıb.
Azdin.az-ın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinə baxılıb.
İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmişlərə özünü R.Zeynalovun xalası oğlu kimi təqdim edib. O, həmin idarənin “Rövşən” adlı əməkdaşı olduğunu deyib, özünün geniş əlaqələrinin olduğunu söyləyib.
Həmçinin B.Yusifov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi və digər vəzifəli şəxslərinin vasitəsi ilə müxtəlif dövlət orqanlarında işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb.
B.Yusifov zərərçəkmiş Cavid Mehralıyevdən qardaşı Yaşarı prokurorluq orqanında texniki işə düzəltdirəcəyinə vəd verib. Buna görə ondan ümumilikdə 59 min manat pul alıb.
Daha sonra o, Y.Mehralıyevin hərbi biletində yararsız qeydini yararlı qeydi ilə əvəz etdirəcəyi və Xətai rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəltdirmək vədini də verib. O, həmin şəxsin ümumilikdə 81 min manat pulunu ələ keçirib.
İstintaq orqanı tərəfindən B.Yusifov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq; vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Yusifov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan məhkum edilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi müvəkkilinin barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. Bu qərardan narazı qalan müdafiə tərəfi Ali Məhkəməyə üz tutub.
Ali Məhkəmədə kassasiya şikayəti araşdırılıb və sonda qərar verilib. Qərara görə, şikayət təmin olunmayıb.

Xəbər lenti
Çox oxunanlar