Məhkəmə xanım həkimlə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsinin həkimi, 1966-cı il təvəllüdlü Təranə Bağırovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmim edilməyib. 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə T.Bağırova 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd: Xanım həkim bir neçə vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə açılmış işin materialları göndərilib. İttihamda qeyd edilib ki, həkim T.Bağırova bir neçə tanışını aldadaraq onlardan xeyli pul alıb. Onun aldatdığı şəxslər də qadın olub. T.Bağırova həmin qadınlardan ikisini xəstəxanaya xadimə kimi işə düzəldəcəyinə söz verib və hər birindən 3 min manat olmaqla pul alıb. Digər qadın isə Təranəyə oğlunu sürücü kimi işə düzəltməkdə kömək etməsi üçün pul verib. Lakin T.Bağırova bütün pulları ələ keçirib və verdiyi vədi yerinə yetirməyib. T.Bağırovanın əməlləri barədə cinayət işinin açılmasından sonra o, işdən çıxarılıb.

O, qadınların cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.

Xəbər lenti
Çox oxunanlar