Bacanağını bıçaqlayan şəxsə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bacanağını bıçaqlamaqda təqsirləndirilən İsgəndər Yadigarlının (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, hadisə 24 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində yerləşən evlərin birində qeydə alınıb. İsgəndər Yadigarlı bacanağı, zərərçəkmiş Samir Həsənzadə (şərti) ilə onun kirayədə yaşadığı evdə mübahisə edib. Mübahisəyə səbəb isə Samirin zərərçəkmişin öz həyat yoldaşı ilə aralarında yaranan problemin aradan qaldırılmasına cəhd etməsi olub. Belə ki, hadisədən əvvəl Samirin arvadı əri ilə mübahisə etdiyi üçün azyaşlı uşağı ilə birlikdə İsgəndərgilə gəlib. Təqsirləndirilən şəxs də yaşanan mübahisəni aradan qaldırmaq üçün Samirin kirayə yaşadığı ünvana gəlib, onunla mənzilin mətbəxində söhbət edib. Bu zaman Samir onun ailə məsələlərinə qarışdığı üçün İsgəndərə irad bildirib və çayını içib evdən getməsini tələb edib. Sonra təqsirləndirilən şəxs mətbəxdəki masanın üstündən götürdüyü bıçaqla ona əl-qol atan zərərçəkmiş şəxsin döş qəfəsinə bir dəfə vurub. Bundan sonra Samir onun yaxasından tutub sıxaraq oturmuş vəziyyətdə hücum edib. İsgəndər isə həmin bıçaqla onun qarnına 3 dəfə zərbə endirərək zərərçəkmişə xəsarətlər yetirib. Hadisədən sonra İsgəndər Yadigarlı cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
Çox oxunanlar