Arvadını öldürmək istəyən mədəniyyət evinin işçisi cəzasının yüngülləşdirilməsini istəyir

Ali Məhkəmədə Şəmkirdə arvadını bıçaqlamaqda təqsirləndirilən Elçin Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd: Hadisə ötən ilin iyulunda Şəmkir ərazisində qeydə alınıb. Belə ki, Şəmkir rayon sakini Elçin Əliyev həyat yoldaşı, 1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızına bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Daha sonra Elçin Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən Elçin Əliyev deyib ki, arvadını namus üstündə bıçaqlayıb. Belə ki, o, həyat yoldaşının “WhatsApp”da başqa şəxslə yazışmasını tutub. Buna görə də cinayət əməlini törədib.
 
Xatırlatma: Elçin Əliyev mədəniyyət evində çalışıb.

Xəbər lenti
Çox oxunanlar