Ona nisyə araq verməyən sahibkarı bıçaqlayan şəxsin cəzası azaldıldı

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Valeh Məmmədovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 aya endirilib. 

İttihama görə, hadisə ötən il Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən mağazaların birində qeydə alınıb. 

Belə ki, həmin kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Məmmədov saat 17:40 radələrində, həmkəndlisi, zərərçəkmiş Qorxmaz Quliyevə (soyadı şərti) məxsus mağazaya sərxoş vəziyyətdə gələrək nisyə spirtli içki araq istəyib. Zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxsin əvvəldən aldığı ərzaq mallarına görə borclu qaldığı 40 manat pulu ödəmədiyi halda nisyə araq verə biləcəyini deyib. Bu zaman Valeh sahibkarı nalayiq söyüşlərlə söyüb təhqir edib və onların arasında mübahisə yaranıb. Daha sonra o, yaşadığı evə gedib oradan özünə məxsus bıçağı götürüb və yenidən Qorxmazın mağazasına qayıdıb. Valeh içəri daxil olaraq üzərində gəzdirdiyi bıçağı çıxarıb zərərçəkmiş şəxsin qarın nahiyəsindən bir dəfə qəsdən zərbə vurub. Nəticədə o, Qorxmaza xəsarət yetirib.

Valeh Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyəti ilə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.  

Xəbər lenti
Çox oxunanlar