Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mahir Bayramovun (şərti) barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 09 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Mərkəzi Bazarın arxa hissəsində qeydə alınıb.
Belə ki, Mahir Bayramov dayısı oğlu zərərçəkmiş Əmir Əkbərli (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin təqsirləndirilən şəxsin həyat yoldaşına əxlaqsız ifadələr işlətməsi olub. Nəticədə o, turist bıçağı ilə Əmirin qarının və bel nahiyələrinə bıçaq zərbələri endirərək ona xəsarət yetirib.
Daha sonra Mahir Bayramov cinayət məsuliyyətinə cəlb edilib və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.