Keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yusif Verdiyevin cinayət işinin ittiham aktı məlum olub.
Azdin.az-ın əldə məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan edilib ki, hadisə bu il martın 13-də Astara rayonunun Maşxan kəndində qeydə alınıb.
Cinayət matereallarında qeyd olunub ki, Yusif Verdiyev eks arvadı Gülşən Qəhrəmanovanın başqa kişilərlə münasibətinin olmasından şübhələnərək bunu öz şəxsiyyətini aşağılayıcı hərəkət kimi qiymətləndirib. O, buna görə qıcıqlanaraq Gülşən Qəhrəmanovanı qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün yaşadığı Gəncə şəhərindən Astara rayonunun Maşxan kəndinə gəlib. Həmin gün saat 11 radələrində keçmiş qayınatasına məxsus evə gedib, qanunsuz otağa daxil olub. Yusif yataq otağında yatmış vəziyyətdə olan Gülşəni üzərində gətirdiyi mətbəx bıçağı ilə azyaşlı qızının gözü qarşısında xüsusi amansızlıqla öldürüb. Təqsirləndirilən şəxs qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı (15-dən çox) bıçaq zərbələri vurub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4,120.2.9 və 157.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Yusif Verdiyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, Gülşəndən boşanandan sonra qadın ona başqa kişi ilə xəyanət edib.
Məhkəmənin hökmü ilə Yusif Verdiyev 18 il 2 ay azadlıqdan məhrum edilib.