İcra hakimiyyətlərinin ləğvi gündəmdədir: İnsanları narazı salanları hansı aqibət gözləyir?

"İcra hakimiyyətləri konstitusiya ilə formalaşan qurumlardır. İcra hakimiyyəti başçısı ölkə prezidentinin yerlərdəki nümayəndəsidir. Təbii ki, zaman-zaman biz bu icra hakimiyyəti orqanlarından, konkret başçılardan və ya hansısa bir başçı aparatının vəzifəli şəxslərindən narazılıqlar eşitmişik. Yerində olmayan, qanunu pozan və cinayət törədən icra başçılarının da aqibətini görmüşük. Onlar həbs olunub, məhkəmənin hökmü ilə məsuliyyətə cəlb olunublar. Xəbərdarlıq olunanlar olub, yarıtmaz fəaliyyətinə görə işdən çıxarılanlar olub. Yəni, bilirik ki, Cənab Prezident tərəfindən çox genişvektorlu islahatlar paketi elan olunub. Bu, bütün sahələri əhatə edir”.

Bu sözləri azdin.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov son zamanlar icra hakimiyyətləri ilə bağlı yaranan narazılıqlardan danışarkən deyib.

Deputat qeyd edib ki, icra hakimiyyətlərinin qarşısında konkret tələblər qoyulur: "Rayon, şəhər icra hakimiyyətlərinin də bu məsələdə yenilənməsi, yeni yanaşmalar, müasir çağırışlara cavab vermələri, rəhbər olduqları şəhər və rayona investisiyaların cəlb olunması, əhali ilə işin düzgün qurulması, bunlar hər biri bu gün icra hakimiyyəti başçılarının qarşısında qoyulan tələblərdir. Cənab Prezident hər birini də qəbul edəndə tapşırıq və tövsiyələrini verir. Onlardan da bu işlərin görülməsini tələb edir. Əks halda qeyd edir ki, heç kim bağışlanmayacaq. Heç kimə də bu saləhiyyətlərin verilməsi onları toxunulmaz etmir”.
 
 


Deputat həmçinin qeyd edib ki, hansısa yarıtmaz fəaliyyəti bütün rayon və şəhər icra hakimiyyəti orqanlarına şamil etmək olmaz:

"Hal-hazırda bir çox rayon və şəhərlərdə idarə, müəssisə, təşkilatların regional nümayəndəliyə çevrilməsi baş tutur. Artıq su, işıq, qaz, təhsil, səhiyyə, mədəniyyət və s. regional nümayəndəliyə çevrilib. Yaxud birbaşa mərkəzi icra hakimiyyəti orqanına tabeli fəaliyyət göstərirlər. Bu, bir çox hallarda yerlərdə icra hakimiyyəti başçılarının çevik işləməsinə təsir göstərə bilər. Mən təbii ki, bununla icra hakimiyyətlərini hansısa məsələlərdən sığortalamaq, hansısa məsələdə onları müdafiə etmək fikrində deyiləm. Sadəcə olaraq bu gün hansısa yarıtmaz fəaliyyəti bütün rayon və şəhər icra hakimiyyəti orqanlarına şamil etmək olmaz. Yerində, çalışqan, savadlı icra hakimiyyəti başçıları da mövcuddur. Aparatlarda işləyən və həqiqətən də müsbət qiymət alan rayon, şəhər icra hakimiyyətləri də var. Eləcə də yerində olmayan və ya ətalət prinsipi ilə çalışan, narazılıq doğuran hallar da mövcuddur. Bunların hər biri cənab prezident tərəfindən izlənilir. Lazımi məqamda qiymətlər verilir. Lazım olan vaxt cəzalandırılır. Düşünürəm ki, bütün bunlar hüquqi bir dövlət olan Azərbaycanda təbii proseslərdir. Əsasən də onların qarşısına qoyulan tapşırıqlar vaxtlı-vaxtında icra olunmursa, onlar dəyişilirlər, yaxud işdən azad olunurlar”.

İcra hakimiyyətlərinin ləğvi kimi fikirlərə də münasibət bildirən deputat qeyd edib ki, bu cür məsələlər konstitusiya ilə tənzimlənir:

"İcra hakimiyyətlərinin başqa bir formada fəaliyyətləri məsələsi isə artıq Cənab Prezidentin səlahiyyətində olan məsələdir. Onların ləğvi kimi digər məsələlər də konstitusiya ilə tənzimlənir. Bunun da referendumunun kerçirilməsi və digər halların hər biri Prezidentin səlahiyyətindədir. Bizim bunlar haqda proqnoz verməyimiz, fikir söyləməyimiz düzgün olmaz. Amma onu dəqiq bilirəm ki, onların qarşısına qoyulan hədəflər yerlərdə düzgün işin qurulması, əhali ilə düzgün işlənilməsi, onların qayğısına qalınması, problemlərinin həll olunması üçün operativ həll yollarının tapılmasıdır. Öz gücü daxilində olmadıqda isə Prezident Administrasiyasında məsələlərin operativ qaldırılması, həllinə nail olunmasını təmin etmək də əsas məqsəddir. Şəhər və rayona investisiyaların cəlb olunması kimi məsələlərin hər biri icra hakimiyyəti səlahiyyətində olan məsələlərdir. Düşünürəm ki, hansısa bir mənfi hal baş verdikdə məsələyə tələsmədən ilkin rəy verməkdənsə, onu gözləməliyik. Hər bir məsələ araşdırılmalı və hüquqi qiymət verilməlidir. Yəni, burada problem varsa, çatışmazlıq varsa, cinayət varsa, cəzasını almalıdır. İcra başçısı da, digər məmurlar da, heç kim bu məsələlərdən sığortalanmayıb. Heç kimin xüsusi immuniteti yoxdur. Hər birimizin borcu xalqa xidmət, onun problemlərini operativ və qanuni şəkildə həll etməkdir”.

Xəbər lenti
Çox oxunanlar