"Sosial şəbəkədə "KamAZ" maşınının sürücüsü tərəfindən Qazax rayonunun Bərxudarlı və Sofulu kəndlərinin azad edilməsi ilə bağlı paylaşılan xəbər həqiqəti əks etdirmir".
"Unikal" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, işğal altındakı ərazi "KamAZ"la azad edilmir:
"Adı çəkilən kəndlər də videomaterialda gözə dəymir. Əsgər əraziyə yerləşib bayraq qaldırmayana qədər ərazi azad olunmuş hesab edilmir. Bu maşın Şahin Mustafayev ilə Mqer Qriqoryanın təmas xəttində görüşünün keçiriləcəyi əraziyə yolu hamarlamaq məqsədilə material daşıyıb. Görüş isə təmas xəttində baş tutub. Əgər iki kəndimiz həqiqətən də işğaldan azad olunsaydı, bunu dövlət niyə ictimaiyyətdən gizli saxlamalı idi? Bu hansı məntiqə sığır? Əsgərimizin sayəsində bir qarış torpağımız düşmən tapdağında qalmayacaq. Amma insanları aldatmaq da olmaz".