Təqsirləndirilən: "İrandan sərhədi yük maşınının təkərləri üstündə keçdim“ – MƏHKƏMƏ

Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd edən şəxsin cinayət işinə baxılıb.
Azdin.az-ın əldə etdiyi xəbərə görə, Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə təqsirli bilinib.
İttihama görə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycana qanuni yolla gələ bilməyib. O, ölkəmizə qayıtmaq məqsədi ilə İran İslam Respublikasından Azərbaycan istiqamətində hərəkət edən, dövlət qeydiyyat nişanı və kimə məxsus olması istintaqa məlum olmayan yük nəqliyyat vasitəsinin altında gizlənib.
27 sentyabr 2024-cü ildə, gecə saat 3 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Biləsuvar rayonu ərazisindən qanunsuz olaraq keçib.
Həmin gün o, saat 3:45-də Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd Məmmədzadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ildə özünə məxsus şəxsiyyət vəsiqəsi ilə Hava Limanından dövlət sərhədini rəsmi qaydada keçib və Bakı-İstanbul aviareysi ilə İstanbul şəhərinə gedib:
“Təxminən 3 gün İstanbul şəhərində qaldıqdan sonra Bodrum şəhərində yaşayan bibim oğlunun yanına getdim. Təxminən 4 gün Bodrum şəhərində qaldm, sonra bibim oğlu Suriya, Pakistan vətəndaşlarını pul müqabilində qanunsuz olaraq Bodrum şəhərindən Yunanıstana keçirtdiyinə görə biz orada polislər tərəfindən saxlanıldıq. Saxlanılan zaman üzərimdə olan şəxsiyyət vəsiqəsini və digər sənədlərini itirdim. Bu hadisəyə görə 7 ay həbs cəzası aldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 13 sentyabr 2024-cü ildə həbsdən buraxılıb və Naxçıvan Muxtar Respublikasına getmək məqsədi ilə Türkiyənin İğdır şəhərinə gedib:
“Lakin sənədlərim olmadığı üçün dövlət sərhədindən buraxılmayacağımı öyrəndim. Sentyabrın 23-də Qars şəhərində yerləşən Azərbaycan Respublikasının Konsulluğuna müraciət etdim. Orada mənə Azərbaycana məxsus sənədlərimin olmadığı üçün köməklik olunmayacağı bildirildi. Bundan sonra Azərbaycana qanunsuz gəlmək qərarına gəldim. Bu məqsədlə sentyabrın 24-də Doğu Bəyazid şəhərinə qayıdarkən yolda avtobusda Azərbaycan dilində danışan tanımadığım şəxslə tanış oldum. Ondan haralı olduğunu soruşdum, Cənubi Azərbaycandan olduğunu bildirdi. Ona Azərbaycana getmək istədiyimi bildirdi. O, sürücü olduğunu, Türkiyəyə mal gətirdiyini, məni İran İslam Respublikasına keçirə biləcəyini bildirdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 24-də həmin şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsində İran İslam Respublikasının Təbriz şəhərinə gedib:
“Bir gün Təbriz şəhərində qaldıqdan sonra sentyabrın 25-də İranın Biləsuvar şəhərinə Azərbaycanın dövlət sərhədinə getdim. Orada olarkən gecə saat 3 radələrində İranın dövlət sərhədini keçmək üçün növbəyə dayanmış yük nəqliyyat vasitəsinin arxasından altına keçdim və avtomobilin təkərlərini birləşdirən yayın (difer) üzərinə oturaraq dövlət sərhədini keçdim və Azərbaycana gəldim.
Yük nəqliyyat vasitəsi Azərbaycanın dövlət sərhədində gömrük nəzarətindən keçməsi üçün növbəyə dayanan zaman gizləndiyim yerdən çıxdım. Bir az kənarda sərhədçi gördüm və ona yaxınlaşmaq üçün yanına getdim. Sərhədçi məndən sənədlərini istədi. Ona sənədlərimin olmadığını, dövlət sərhədini qaçaq keçdiyini bildirdim. Sərhədçi aidiyyəti üzrə məruzə etdikdən sonra saat 3:45-də sərhəd naryadı tərəfindən saxlanıldım”.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Məmmədzadə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
Çox oxunanlar