Bakıda mahnı sifarişi üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş giziri Cəsarət Vəliyevi qətlə yetirməkdə, DSX-nin digər əməkdaşı Camal Həsənovu isə bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Orxan Zeynalov və 1983-cü il təvəllüdlü İlqar Abdurrahmanovun cinayət işinə Ali Məhkəmədə yekun vurulub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Orxan 15 mart 2023-cü ildə saat 23 radələrində tanışları İlqar və Raufla birlikdə Bakı şəhəri 9-cu mikrorayondakı “Mağara” restoranında yemək yeyib, spirtli içki qəbul ediblər.
Daha sonra məclislərini davam etdirmək üçün oradan çıxaraq piyada martın 16-da saat 1:00-da Nəsimi rayonu, Moskva prospektində “Huqqa” restoranına gəliblər. Ümumi zalda musiqiçilər üçün nəzərdə tutulmuş səhnənin yanındakı masada əyləşiblər.
Bir qədər sonra digər tanışları da restorana gəlib, onlarla eyni stola əyləşib, pivə içiblər. Orxan sərxoş halda saat 1:30 radələrində qonşu masada əyləşmiş Cəsarətin musiqi sifariş etməsi ilə əlaqədar mübahisəni bəhanə edib. İlqar da onların mübahisəsinə qoşulub. Birlikdə Cəsarət və Camalın üz və sifət nahiyələrinə yumruqla zərbələr vurublar. Restoranın dəhlizində və həyətdə mübahisəni davam etdiriblər.
Orxan və İlqar bıçaqla Cəsarət və Camala çoxsaylı zərbələr vurublar. Cəsarət aldığı xəsarətdən ölüb, Camala isə vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Qətl törədən iki nəfərin 10 maddəlik cinayət işi
İstintaq orqanı tərəfindən Orxan Zeynalova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma) maddələri ilə ittiham verilib.
Digər təqsirləndirilən İlqar Abdurrahmanovun barəsində isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə, həmçinin 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.2.2 (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
“Söyüşün biri bir qəpikiydi”
Məhkəmədə Orxan Zeynalov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, hadisə 2023-cü il mart ayının 15-dən 16-na keçən gecə “Huqqa” restoranında baş verib: “Mən həmin gün içki içməmişdim. O biri masada oturanlar isə sərxoşuydular, nalayiq ifadələr işlədirdilər. Dəfələrlə onlara xəbərdarlıq etməyimə baxmayaraq, söyüşün biri bir qəpikiydi.
Həmin şəxslər bizi binanın həyətinə davaya çağırdılar. Aşağıda dalaşdıq. Cəsarət hər dəfə əlini belinə aparırdı. Mən Cəsarəti vurdum.
Biz mahnı üstündə deyil, söyüş üstündə dalaşmışıq. Mən söyüş söyənin kim olduğunu soruşdum. Cəsarət mənə “sən kimsən axı” dedi və yumruq atdı. Mən də yumruqla cavab verdim. Biz aralandıq, mən Cəsarətin kənara aparılmasını istədim”.
“Qorxduğum üçün bıçaqla vurdum”
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra İlqara hesabı verib getməyi məsləhət bilib: “İlqar hesab verməyə gedəndə Cəsarət və Camal onu söydülər. Mən geri qayıtdım, Camal yenidən ünvanıma pis-pis söyüşlər söyməyə başladı. Camal söyüş söyəndə onu yumruqla vurdum. Onlar çölə çıxarıldı. Biz isə yenidən salona gələrək oturduq.
Lakin həmin şəxslər təkrar geri qayıtdılar, stolları təpiklə vurdular. Bunların hamısının şahidləri var, hadisə yerində olan videogörüntülərə də hamısı düşüb. Cəsarət və Camal aşağı düşməyənin var-yoxunu söydülər. Onlara sabah görüşərik dedim, aşağı düşdüm. İlqar aşağıdaydı, ona getməyi təklif etdim.
Cəsarət İlqarı görəndə daha da qızışdı, yenə “filankəslər, hara gedirsiniz” dedi. Cəsarətə dedim ki, söyüş söymə, binanın qarşısında adamlar var. O isə “camaat da belə-belə olsun” deyə söydü.
Camal məndən yuxarıda onu kimin vurduğunu soruşdu. “Get ayıl, səhər deyərəm” cavabını verdim. Camal onu vuranı pis söyüşlə söyəcəyini söylədi. Camala “qələt edərsən” dedim. Oradakılar yenə bizi araladılar. Camal “görün sizin ana-bacınızı neynəyəcəm” dedi.
Mən Cəsarəti vuranda yerə yıxıldı, amma ayağa durdu. Cəsarət hər dəfə əlini belinə aparırdı. Mən qorxdum, bıçağı götürdüm və bir dəfə qorxutmaq məqsədi ilə Cəsarəti vurdum. Daha sonra yenidən mənə söyüş söydüyü üçün Camala da bıçaq vurdum”.
“İdman ustasıyam”
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, həmin ifadəsində özünü təqsirli bilib.
Orxan Zeynalovun ifadəsinə görə, həyat yoldaşı, 10 yaşlı oğlu, anası və qardaşı ilə birlikdə yaşayıb: “Rəsmi iş yerim olmasa da, şəxsi mühafizədə işləyərək ailəmi tək dolandırıram. Anam xərçəng xəstəsidir. Özüm universal döyüş idman ustasıyam. 2018-ci ildə oğurluq və soyuq silah gəzdirmə ilə bağlı məhkum olunmuşam.
2021-ci ildə cəzamı çəkərək azadlığa çıxmışam. Cəzaçəkmə yerindən qayıdandan sonra rəsmi iş tapa bilməsəm də, şəxsi mühafizədə işləmişəm”.
“Mənə ağır ana söyüşü söydülər”
Orxan Zeynalov qeyd edib ki, 15 mart 2023-cü ildə axşam bir nəfər tanışı ilə oturaraq yemək yeyib və spirtli içki qəbul edib:
“Saat 23 radələrində dostlarım - Qarabağ zonasından olan idmançı İlqar və dostum Raufla birlikdə saat təxminən saat 23:30-da “Huqqa” restoranında görüşdük. Restoran binanın 6-cı mərtəbəsində yerləşdi. Biz səhnədən təxminən 5-6 metr aralıda qoyulmuş masanın arxasında oturmuşduq, dostlarım pivə, mən energetik içki olan “Hell” içdim. Restoranda 30-40 nəfərə yaxın qonaq, səhnədə musiqi – “dicey” də vardı.
Təxminən 40 dəqiqə olardı restoranda oturmuşduq. Qonşuluqdakı masada 3 nəfər pivə içirdi. Onların masalarında qəlyan da vardı. Mən telefonla danışırdım, birdən səhnə tərəfdən bərkdən “burda oturanların var-yoxunu” söyüşünü eşitdim.
Başımı qaldıranda gördüm ki, qonşu masada əyləşmiş 3 nəfər səhnədədir və “dicey”i o yana-bu yana dartışdırırlar. Onlara yaxınlaşdım, “dicey”dən onları araladlm. Söyüş söymələri ilə bağlı iradımı bildirdim. Belə deyəndə 3 nəfərdən ikisi - hündürboylu, cüssəli şəxslər mənə ağır ana söyüşü söydülər”.
“Bıçağı da götürərək polisə gəldim”
Orxan Zeynalov qeyd edib ki, restoranda olan tanımadığı şəxslər, dostları Rauf və İlqar yaxınlaşıb, onları sakitləşdirməyə çalışıblar: “Lakin onlar məni vurmağa cəhd etdilər. Mən zərbələrdən yayındım, biri yumruqla sifətimə zərbə endirdi. İkisi mənə ağır söyüşlər söydü, bayıra çıxaraq araşdırmanı davam etməyi tələb etdilər. Mən də “düşək” dedim, restorandan çıxdıq, binanın arxasına keçdik.
Bizim arxamızca aşağı düşmüş şəxslər məni tutaraq aralamağa çalışdılar. Həmin şəxslər yenə anamı söydülər, birinin əlini cibinə apardığını gördüm, bıçaq çıxarmaq istədiyini düşündüm. Üstümdə gəzdirdiyim cib bıçağı ilə onların ikisinə də hara gəldi bir neçə zərbə endirdim.
Mənim kimisə öldürmək niyyətim olmayıb. Özümü qorumaq üçün onları vurmuşam. Sonra aralanaraq yoldan keçən taksi ilə evə getdim. Təxminən bir saat-saat yarım sonra Nəsimi polisindən zəng vurdular ki, hadisə ilə bağlı polisə gəlim. Bıçağı da götürərək polisə gəldim”.
“Kosovoda, İraqda sülhməramlıların tərkibində xidmət etmişəm”
Digər təqsirləndirilən İlqar Abdurrahmanov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Kosovoda, sonra İraqda sülhməramlıların tərkibində hərbi xidmət keçib: “Sonra məhkumluq həyatı yaşamışam. 2021-ci ilin “Zəfər” amnistiyası ilə azadlığa çıxdım. Azadlığa çıxandan sonra Türkiyənin İstanbul şəhərində Bazılar məhəlləsində qarışıq döyüş növləri idmanından dərs demişəm.
22 dekabr 2022-ci ildə Türkiyədən Azərbaycana gəldim. Həmin vaxtdan əvvəldən tanıdığım Orxanla Bakı şəhərində “Şamaxinka” adlanan yerdə fıtnes zalında məşq etmişik. Orxan mənim dostumdur, biri-birimizin evimizə də gedib-gəlmişik. Cəsarət və Camalı tanımamışam”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Zeynalov 19 il, İlqar Abdurrahmanov 18 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.
Hər iki təqsirləndirilən şəxsə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib.
Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, İlqar Abdurrahmanovun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilib və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülüb.
Hökmdən narazı qalan Orxan Zeynalovun müdafiəçisi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, Orxan Zeynalovun əməlini Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini istəyib.
Digər təqsirləndirilən İlqar Abdurrahmanovun da müdafiəçisi apellyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Hökmdən zərərçəkmiş Cəsarət Vəliyevin hüquqi varisi tərəfindən də apellyasiya şikayəti verilib. Hüquqi varis təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə tərəflərin şikayətləri təmin olunmayıb.
Bu qərardan tərəflər kasasiya şikayəti veriblər. Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Şikayətlər təmin olunmayıb.
Qeyd edək ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 2022-ci ilin 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23