Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi Ağayar Yusubov və Vilvan kənd üzrə icra nümayəndəsi Faiq Köçəriyevin məhkəməsi başa çatıb.
Azdin.az-ın əldə etdiyi xəbərə görə, Ali Məhkəmə onlarla bağlı kasasiya şikayətinə baxıb və yekun qərar çıxarıb.
A.Yusubovun barəsində Cinayət Məcəlləsinin 294.3-cü (ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə, F.Köçəriyevin barəsində Cinayət Məcəlləsinin 32.5,311.2-ci (iştirakçılıq - vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən A.Yusubov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2020-ci ilədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyib: “Uzun illərdir ki, ürək, böyrək və onkoloji xəstəlikdən əziyyət çəkirəm. Onkoloji xəstəliyə görə hazırda səhhətimdə ciddi problemlər var, 10 dəfə cərrahi əməliyyat olunmuşam. Həkimlər sonuncu əməliyyatı 2021-ci ilin dekabr ayında ediblər. Həmçinin digər xəstəlikləri ilə bağlı xəstəxanalarda stasionar müalicə olmuşam”.
Keçmiş rəis ittihamda göstərilən hallarla bağlı özünü qismən təqsirli sayıb və əməlindən peşman olduğunu diqqətə çatdırıb: “Bütün məsələlərlə bağlı sərəncamları Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı imzalayıb, mən onun göstərişlərini yerinə yetirmişəm, Rəis kimi idarənin fəaliyyətini təşkil etmişəm. Vəzifədə işlədiyim dövrdə müəssisədə 133 ştat vahidi olub, həm də ştatdankənar təxminən 30-40 nəfər müqavilə əsasında işçi də çalışıb. İş çox olduqda həmin şəxslər növbədə saxlanılmaqla işə götürülüb. İşə gəlməyən olduqda isə işdən çıxarılıblar. Bundan başqa özüm də bir neçə şəxsi işə götürərək onlarla əmək müqaviləsi bağlamışıq. Mənim kompüyuterdən anlayışım olmadığına görə ştatdankənar işçilərin əmək müqavilələrinin müvafiq sistemə yerləşdirilməsi işini əvəzimdən kadrlar üzrə mütəxəssis Məlahət icra edib. Müəssisə rəhbəri kimi Məlahətə göstəriş vermişəm ki, işə götürdüyüm şəxsləri mənim elektron imzam ilə sistemə yerləşdirsin və onlarla əmək müqaviləsi bağlansın. Müəssisəyə iş üçün gələn şəxslər müvafiq ərizə ilə kadrlar üzrə mütəxəssisə müraciət edib”.
Digər təqsirləndirilən Faiq Köçəriyev ona elan olunmuş ittiham üzrə özünü günahkar bilməyib. O, ifadəsində göstərib ki, əvvəllər orta məktəbdə müəllim işləyib, sonradan Lənkəran rayonunun Vilvan kənd İnzibati dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb: “Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi olmuş Ağayarı tanıyıram, münasibətlərimiz yaxşı olub. İcra nümayəndəsi olarkən nümayəndəliyin ərazisində yaşayan, sosial vəziyyəti ağır olan şəxsləri işə düzəlmək üçün ona müraciət etmişəm. O, da həmin şəxsləri işlə təmin olunmaları üçün Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə göndərib. Həmin şəxslərdən, o cümlədən ünvanlı sosial yardım alması üçün müraciət edən şəxslərdən işə düzəlmələrinə görə pul almamışam. Xatırlayıram ki, bir şəxsə köməklik göstərməsini Ağayardan xahiş etmişəm. Dəqiq bilməsəm də, eşitdiyimə görə Ağayar bir neçə şəxsi formal olaraq işə götürüb ki, onlar ünvanlı sosial yardım alsınlar. Faktiki olaraq mən heç kimin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə düzəlməsinə köməklik göstərməmişəm”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ağayar Yusubov 2 il sınaq müddəti olmaqla 8 il 6 ay, Faiq Köçəriyev 1 il sınaq müddəti olmaqla 5 il müddətinə şərti cəza alıb.
Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib və Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsini istəyib.
Bundan başqa, təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Ağayar Yusubov Cinayət Məcəlləsinin 294.3-cü, 311.2-ci, 320.1-ci və 320.2-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını və həmin məcəllənin 308.1-ci və 313-cü maddələri ilə ona daha yüngül cəza təyin edilməsi barədə qərar çıxarılmasını istəyib. Faiq Köçəriyev isə apellyuasiya şikayəti verməyib.
Bu dəfə Şirvan Apellyasiya Məhkəməsində işə baxan hakimlər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişiblər. Ağayar Yusubov 3 il 6 ay, Faiq Köçəriyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından həbs olunublar.
Bu qərardan dövlət ittihamçısı yenə də narazı qalıb, Ali Məhkəməyə müraciət edib və işin yenidən apellyasiya məhkəməsində baxılmasını istəyib.
Ali Məhkəmənin hakimləri apellyasiya instansiyasının qərarını ləğv edib. İşi yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarıb.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti təmin olunmayıb. Amma təqsirləndirilən Ağayar Yusubovun barəsində olan hökm dəyişdirilib. Ona Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməyib.
O, Cinayət Məcəlləsinin 308.1-ci, 294.3-cü və 311.3-cü maddələri ilə təqsirli bilinib. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub, 2 il sınaq müddəti olmaqla 8 il 3 ay şərti cəza verilib. A.Yusubov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Bu qərardan kasasiya şikayəti və protesti verilib. Ali Məhkəmədə bu dəfə şikayətlərə hakim İlqar Cəfərovun sədrliyi ilə baxılıb. Məhkəmə heyəti şikayətləri təmin etməyib.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23