Fransaya casusluq edənlərin işində yeni faktlar açıqlandı: onlar yenə də bir-birlərini ittiham etdilər – MƏHKƏMƏ

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azdin.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.
Prosesdə təqsirləndirilən Martin Ryanın vəkili Nizami Əliyev bildirib ki, müvəkkili əlavə ifadə vermək istəyir. Onun sözlərinə görə, Martin Ryan digər təqsirləndirilən Azad Məmmədlinin ötən iclasda onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirmək istəyir, yeni faktlar açıqlamaq niyyətindədir.
Vəkil müvəkkilinə əlavə ifadə vermək üçün şərait yaradılmasını xahiş edib.
Hakimlər heyəti Martin Ryana əlavə ifadə vermək üçün şərait yaradıblar. O, əlavə ifadəsində deyib ki, onun barəsində Azad Məmmədlinin səsləndirdiyi ittihamlar doğru deyil: "Guya tərəfimindən bəzi Azərbaycan vətəndaşlarını Fransa kəşfiyyatının nümayəndələri ilə tanış etməyim barədə dedikləri həqiqət deyil. Mən iş görmək üçün, biznes fəaliyyətimi inkişaf etdirmək üçün iş görə biləcək şəxslərin axtarışlarını aparmışam. Bununla bağlı bəzi şəxslərlə tanış olmuşam. Onlardan biri də Z.M-dir. O da Fransa səfirliyində işləyib. Mən həmin həmin şəxslərin ad-soyadlarını istintaq zamanı demişəm. Onların hər biri sorğu-sual edilib".
Martin Ryan daha sonra ifadəsində göstərib ki, işdə adı keçən Ü.Ə. də var: "Mən bu şəxslə Fransada təhsil alan tələbələrlə görüş zamanı tanış olmuşam. Onu Frederik Devos ilə tanış etmişəm. Sonradan öyrəndim ki, Frederik Devos Fransa kəşfiyyatının adamıdır, onlarla əlaqəsi var, təhlükəli adamdır. Bunu biləndən sonra Ü.Ə.-yə dedim ki, Frederik Devos təhlükəli adamdır, Fransa kəşfiyyatına xidmət edir.
Sonralar Ü.Ə. mənə dedi ki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı Loran Qrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib".
Daha sonra təqsirləndirilən Azad Məmmədli Martin Ryanın səsləndirdiyi faktlara aydınlıq gətirib. O, Martin Ryanın yalan danışdığını deyib. Onun sözlərinə görə, Martin Ryan belə ifadələr verməklə bir çox ciddi məqamları, faktları ört-basdır etməyə çalışır:
"Martin Azərbaycan vətəndaşlarını, hətta xarici vətəndaşları Fransa kəşfiyyatının nümayəndələri ilə tanış edib. Martin Ryan yalan danışır və bu cinayət işi üzrə əsas məqsədləri gizlədir. Martin öz elədiyi əməlləri ört-basdır edir. O əsasən neft-qaz işləri ilə bağlı müqavilələrin və işbirliklərinin kəşfiyyatını aparıb. Əsasən Britaniya şirkətlərin fəaliyyətini öyrənmək istəyib. Şirkətlərdə çalışan aparıcı və rəhbər şəxslərlə tanış olaraq məxfi məlumatları öyrənmək istəyib. O, fransız dilinin tədrisi və şahmat dərsləri keçmək adı altında bir neçə Azərbaycan vətəndaşının və xarici vətəndaşın məlumatlarını onlardan toplayıb Fransa kəşfiyyatının nümayəndələrinə verib. Həmin xarici vətəndaş xanım idi və neft-qaz şirkətinin aparıcı işçisi olub. R.M. adlı şəxs də fransızdilli olub. O da çox nüfuzlu yerli şirkətin aparıcı işçisi olub. Onu da Fransa kəşfiyyatının nümayəndələri ilə tanış edib".

Daha sonra Martin Ryanın istintaqa verdiyi ifadə elan edilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində deyib ki, tələbə olan vaxtı bir neçə azərbaycanlı ilə birlikdə oxuyub və əlaqələri yaranıb: "E.S. adlı şəxslə internetdə tanış olmuşam, münasibət yaratmışam. Onun dəvəti ilə ilk dəfə 2015-ci ildə Azərbaycana gəlmişəm. 9-10 gün qaldıqdan sonra Fransaya qayıtdım. Daha sonra 2016-cı ildə tələbə yoldaşım olmuş R.M-in dəvəti ilə iki dəfə Azərbaycana gəlmişəm. Daha sonra qayıdıb getdim. 2020-ci ildə Azərbaycana gəldim, burada xırda biznes yaratdım. Həmin vaxtı tanışım Serj adlı fransız evində olan qonaqlığa mənə dəvət etdi. Ziyafət zamanı Frederik Devosla tanış oldum. O, Fransa səfirliyində çalışdığını dedi. 3 ay sonra Devos mənimlə görüşdü. Devos özünü fransızların təhlükəsizliyinə cavabdeh olan şəxs kimi təqdim etdi. O, mənə rusların və iranlıların fransızlar üçün təhlükə olduğunu dedi. Devos İran şirkətləri ilə əlaqələrimin olub-olmaması ilə bağlı suallar verdi. O, mənə dedi ki, iranlı və Rusiya iş adamları haqda məlumatı toplayıb ona ötürüm. Fransa səfirliyində ikinci katib vəzifəsi adı altında çalışsa da, Fransa kəşfiyyatının işçisi olduğunu bildim".
Martin Ryanın istintaqda qeyd edib ki, 2020-ci ildə müharibə vaxtı dəfələrlə Frederik Devosla görüşüb: "Görüşlərdə Azərbaycanın silahları barədə və bu silahların müharibəyə çatıb-çatmayacağını, Türkiyə-Azərbaycan əlaqələrini soruşdu. Mən bildiyim məlumatları onunla bölüşmüşəm. Ondan sonrakı görüşlərdə Devos mənə tapşırıqlar verdi. O iranlı iş adamları ilə bağlı, sonra Azərbaycanda fransız dilini bilən, Fransada oxuyan şəxslərin siyahısını istəyib. Devos hətta mənə İrana getməyi təklif etdi. Dedi ki, get zəfəran ticarəti elə".
Təqsirləndirilən şəxs qeyd edib ki, Z.M, A.M, Ü.Ə. və digər azərbaycanlıları Devosla tanış edib: "Devos Azad Məmmədlinin Rusiyada təhsil aldığını bildikdən sonra onunla çox maraqlandı. Bir müddət sonra Devosu Loran Lödi adlı şəxs əvəz etdi. Loran da Devos kimi tapşırıqlar verirdi. Lorandan sonra gələn Jerom Qassarino də Fransa kəşfiyyatının əməkdaşı idi. Onlar Fransa səfirliyində müxtəlif adlar altında Azərbaycanda kəşfiyyat işləri aparırdı. Gərək onlarla bağlı vaxtında Azərbaycanın dövlət orqanlarına məlumat verərdim. Sadəcə o vaxt Fransa hökumətindən qorxdum"
Növbəti proses iyulun 21-də davam edəcək.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Xəbər lenti
Çox oxunanlar