Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı Hüseyn və Ziyəddin Səfərov qardaşlarını xüsusi amansızlıqla qəsdən öldürən şəxslərlə bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin ümumilikdə 7 maddəsi ilə cinayət işi başlanılıb və onları ömürlük həbs cəzası gözləyir.
Azdin.az Teleqraf a əsasən xəbər verir ki, həmin maddələr aşağıdakılardır:
12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması).
Cinayət Məcəlləsinin bu maddəsində deyilir: “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın hüdudlarından kənarda Azərbaycan vətəndaşlarına, Azərbaycan maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Həmin şəxslərə Azərbaycan məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz”.
Faktla bağlı cinayət işi Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” adlanan 120-ci maddəsinin ümumilikdə 4 bəndi üzrə araşdırılır:
120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə),
120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə),
120.2.7 (iki və ya daha çox şəxsi öldürmə),
120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə),
120-ci maddənin bu bəndləri ilə təqsirləndirilən şəxslər on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət işinin başlandığı 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) maddəsində isə deyilir:
“309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Səfərov qardaşlarının öldürülməsi faktının araşdırıldığı 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəyə əsasən, eyni əməllər sağlamlığa ağır və ya az ağır zərər vurmaqla törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Rəşad Əliyev (Vaqifoğlu) Teleqraf-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinin 12-ci maddəsi cinayət qanununun Azərbaycan ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edir: “Belə ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın hüdudlarından kənarda Azərbaycan vətəndaşlarına, ölkənin maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə rəsmi Bakının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər”.
Vəkil söyləyib ki, qəsdən adam öldürmə ilə bağlı irəli sürülmüş ittihamlar xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir: “Bu maddələrlə təqsirləndirilən şəxslərin əməli sübuta yerilərsə, onları on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzası gözləyir”.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və azərbaycan əsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.
1966-cı il təvəllüdlü - 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü - 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüblər.
Qardaşların meyiti Azərbaycana gətirilib və Ağcabədi rayonunun Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.
Bu gün, 16:02
Bu gün, 16:01
Bu gün, 15:55
Bu gün, 15:53
Bu gün, 15:52
Bu gün, 09:57
Bu gün, 09:46
Bu gün, 09:44
Dünən, 15:23
Dünən, 15:22
Dünən, 15:21
Dünən, 15:18
Dünən, 15:17
Dünən, 11:52
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10