Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Ə.Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 7 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində paytaxtın Nizami rayonu, Babək prospektində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Ə.Həsənov zərərçəkmiş A.Əliyevlə C.Cəfərovu ov bıçağı ilə bıçaqlayıb. Buna səbəb isə zərərçəkmişlərdən biri onun tanışına baxması olub. Bundan başqa, Ə.Həsənov digər mənbədən qanunsuz olaraq, soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, ümumi təyinatlı qatlanan ov bıçağını əldə edərək, üzərində saxlamaqla daşıyıb. O, 29 dekabr 2021-ci il tarixdə, saat 11:30 radələrində Babək prospekti Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və İdarəyə gətirilib. Ə.Həsənovun üzərinə baxış zamanı ov bıçağı aşkar edilərək götürülüb.