Şirkətdəki partlayışa görə təqsirləndirilən direktor barəsində kassasiya şikayəti verildi

Abşeronda yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən şirkət direktoru Heydər Abasovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 
Azdin.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 19-na təyin edilib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılıb. İttihama görə, Heydər Abasov 17 avqust 2020-ci il tarixdən şirkət direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib. Hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən obyektdə qeydə alınıb. Belə ki, MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızması olub. 19 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində satış sahəsində olan işçi Səfər Quliyev (şərti) işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən partlayış olub. Səfər Quliyev ağır dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, 27 noyabr 2020-ci il tarixdə, saat 07:30-da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölüb. Bundan başqa, yanğın zamanı 204 000 manat məbləğində şirkətə tikinti üzrə maddi ziyan dəyib. Bununla da, təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozub.

 

Xəbər lenti
Çox oxunanlar