Şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
O, cəzasının yüngülləşdirilməsini istəyir.
Qeyd edək ki, hadisə ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimov idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili ilə 1990-cı il təvəllüdlü Qənirə Rasim qızı Əhmədovanı və onun 6 yaşlı övladı Murad Abbas oğlu Əhmədovu vurub. Nəticədə uşaq ölüb.
Sürücü barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xətai Rayon Məhkəməsinin hökmü ilə polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib. 28 yaşlı Telman Kərimovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib. Bakı Apellyasiya Məhkəməsi Telman Kərimovun şikayətini təmin etməyib.
Xatırladaq ki, Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi “Ford Mustang” markalı avtomobil idman avtomobilidir. Telman Kərimov hadisədən sonra polis orqanlarından kənarlaşdırılıb.