Şadlıq evində həmyaşıdını bıçaqlayan gənclə bağlı məhkəmə qərarı açıqlandı

Bakı Apellyasiya Məhkəməsində restoranda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd: Hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonunun Binəqədi şossesində yerləşən "White Palace" restoranında baş verib. Belə ki, spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü P.Salmanov, 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu bıçaqlayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xəbər lenti
Çox oxunanlar