Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: hamısını "lom qiymətinə" satdı - TƏFƏRRÜAT

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluqda ittiham olunan 1977-ci il təvəllüdlü xidmətçi Ruhiyyə Məmmədovanın məhkəməsi başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini Ruhiyyə 2024-cü il sentyabrın 19-dan həmin ilin oktyabr ayının 17-nə kimi olan müddət ərzində xadimə işlədiyi evdən oğurluq edib. O, ümumi hesabalamaya görə 244 min 790 manat 93 qəpik məbləğində qızıl-zinət əşyalarını ələ keçirib.
İstintaq orqanı tərəfindən Ruhiyyənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruhiyyə ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, iş axtararkən zərərçəkmişin evində dayə işləyən Vüsalə ona təmizlikçi işi təklif edib: “Mən də razılaşdım, sentyabr ayından zərərçəkmişin evində işləməyə başladım.
Evi təmizləməyə gedəndə zinət əşyalarının olduğu qab yerə düşdü. İçindəki bütün qızıllar ətrafa səpələndi. İttiham aktında qeyd olunan bütün qızıl-zinət əşyalarını götürdüyümü etiraf edirəm. Bəzi qızıllar tozsoranın içərisinə girdi və orada qırıldı. Onları götürüb cibimə qoydum. Sonra da “28 May” metrostansiyası yaxınlığında bir mağazada İbrahim adlı şəxsə satdım.
Satdığım bütün qızıl əşyalara görə İbrahim mənə təxminən 3000-3500 manat pul verdi. Mən bu əməli övladım ağır xəstə olduğu üçün törətmişəm, çox peşmanam”.

Ruhiyyə qeyd edib ki, qızılları oğurlayan zaman evdə yaşayanların bundan xəbəri olmayıb, Vüsalə də bunu bilməyib: “Qızılların qırıqlarını da satmışam. Evdən götürdüyüm qızılların hamısını zərgər İbrahim geri qaytardı. O, qızılları gətirdi, mən də müstəntiq Zaur müəllimə verdim. Sonradan hamısı ekspertizaya göndərildi.
Qızıllar geri qaytarılanda 26000 manat ödənilməmiş ziyan qaldı. Həmin məbləğ tozsoranın arasında qırılan qızıllar, həmçinin İbrahimin yoxlamaq məqsədilə qırdığı sırğa hesabına yaranmışdı.
Zərərçəkmiş şəxslə aramızda barışıq yaratmaq istəyən Şahin müəllim bizi danışığa dəvət etdi. Danışıq zamanı mənim ilkin olaraq 10 min manat ödəməyim barədə razılığa gəldik. 6000 manat bankdan kredit çəkdim, 4000 manat da faizə pul götürdüm, 10000 manatı tam hazır edərək zərərçəkmiş şəxsə ödədim. Pulu ödədiyimə dair qəbz də aldım. Hazırda 16000 manat borcum qalıb. Onu da aybaay hissə-hissə ödəməyim barədə razılaşmışıq”.
Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunub: “Böyük qızım xərçəng xəstəsidir. Əməlimin oğurluq olduğunu bilsəm də, övladım üçün bu yola getməyə məcbur oldum. Götürdüyüm qızılların elə yüksək dəyərli olduğunu bilməmişəm. Qızılları İbrahimə satanda özümün olduğunu demişəm.
Digər zərgər Saleh isə boyunbağı üçün mənə 900 manat ödədi. Həmin qızılı o da müstəntiqə təhvil verdi. Bütün qızılları İbrahimə satmışam. Sadəcə boyunbağını Salehə təklif etdim. O, İbrahimin mağazasının yaxınlığında işləyirdi. Bütün qızılları "lom qiyməti"nə satmışam”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhiyyə Məmmədova 5 il 5 ay 27 gün müddət azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.
Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli hökmü dəyişdirilib. Ruhiyyə Məmmədovanın cəzası 4 il 11 ay 27 günə endirilib.

Xəbər lenti
Çox oxunanlar