Gəncə Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən Lətif Lətifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Azdin.az.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, 2022-ci ilin dekabrında Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Günəş” otelin yaxınlığında qeydə alınıb. Belə ki, Yevlax rayon sakini, 2002-ci il təvəllüdlü Lətif Lətifovun bacısı qohumu, zərərçəkmiş Qabil Həsənovla (şərti) əvvəllər nişanlı olub. Zərərçəkmiş nişanlı olan dövrdə bacısının ünvanına nalayiq ifadələr işlədib. Lətif də bundan xəbər tutaraq əsəbiləşib. Daha sonra o, bacısının keçmiş nişanlısını “Günəş” otelin yaxınlığına, küçədə yerləşən qaranlıq yerə çağırıb. Onların arasında mübahisə düşüb. Nəticədə Lətif özü ilə gətirdiyi cib bıçağı ilə bir neçə dəfə Qabilə zərbə endirərək ona xəsarət yetirib. Lətif Lətifovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.