Hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
İttihama görə, Famil Həsənov etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törədib.
Belə ki, o, zərərçəkmiş Habil Salahova (şərti) tanışının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işlədiyini deyib, həmin tanışının vasitəsilə əlilliyə görə təqaüd düzəltdirəcəyini yalandan vəd edib. Bu yolla Famil zərərçəkmişdən ümumilikdə 1800 manat məbləğində pul alıb.
Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş Xəyyam Əsədovun (şərti) qardaşı arvadının komissiya sədri işləyən tanışının vasitəsilə əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd verib. Bu yolla Famil zərərçəkmişdən ümumilikdə 3030 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Famil Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib.