ŞƏHİD POLKOVNİK LEYTENANT CƏFƏROV ZAURUN AİLƏSİNDƏN MEHRİBAN XANIM ƏLİYEVAYA MÜRACİƏT

MÜRACİƏT

Hörmətli Mehriban xanım,  
Məlumat üçün bildirim ki, həyat yoldaşım – Vətən Müharibəsi şəhidi, artileriya təyinatlı “N” saylı hərbi hissənin qərargah rəisi Polkovnik-leytenant Zaur Cəfərov bütün həyatını Vətənə xidmətə həsr edib. Zaur Cəfərov 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi ilə xidmətə başlayıb. Xidməti dövründə 2008-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilib. Bundan başqa 2014-cü ildə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 2016-cı ildə  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, 2018-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı, 2020-ci ilin iyununda isə  “İgidliyə görə” medalı  ilə təltif  edilib. 
Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Zaur Cəfərov Artilleriya Briqadasının qərargah rəisi olub. Müharibə dövründə Ağdərə istiqamətində düşmənin onlarla texnikasını məhv edərək bir neçə hərbi qəniməti şəxsən idarə edərək ordumuza qazandırıb. 
Polkovnik-leytenant Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olub. Zaur Cəfərov II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Zaur Cəfərov ölümündən sonra 15 dekabr 2020-ci il tarixində "Vətən uğrunda" medalı, 29 dekabr 2020-ci il tarixində "Suqovuşanın azad olunmasına görə" medalı ilə, 30 dekabr 2020-ci il tarixində "Hərbi xidmətlərə görə" medalı ilə, 2021-ci il noyabrında “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Hörmətli Mehriban xanım,  
Zaur Cəfərovun ölümündən sonra 2 qız, 1 oğul övladı bizə əmanətdir: 27 may 2009-cu il təvəllüdlü Cəfərli Həsən Zaur oğlu, 04 aprel 2011-ci il təvəllüdlü Cəfərli Səlbi Zaur qızı və 05 noyabr 2015-ci il təvəllüdlü Cəfərli Zəhra Zaur qızı. Övladlarımdan ikisinin-Həsənin və Səlbinin ən kəskin həddə anadangəlmə görmə məhdudiyyəti var. 
Baxmayaraq ki, Zaur Cəfərov 25 ilə yaxın hərbi xidmətdə olub, bizim heç vaxt ailəmizə məxsus evimiz olmayıb. Ailəmiz Zaurun xidmət etdiyi cəbhə bölgələrinin yaxınlığında kirayədə qalırdı. Zaurun şəhid olmasından sonra isə məcburi köçkün kimi Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində müvəqqəti məskunlaşan qayınatamın evində yaşamağa başladıq. Evin yerləşdiyi ərazi hədsiz dərəcədə rütubatli oduğundan, evin içərisində də eyni vəziyyət hökm sürürür. 
Bu vəziyyət övladlarımın səhhətində ciddi xəstəliklərə yol açıb. Artıq 12 yaşlı qızım Səlbi Cəfərlinin böyrəkləri sıradan çıxıb. Bakıda artıq sayını itirdiyim əksər klinikalarda müayinələrdən keçirdiyim Səlbidə kəskin böyrək çatışmamazlığı diaqnozu qoyulub. Həkimlər Səlbi Cəfərliyə təcili olaraq donor tapılmasının və əməliyyat edilərək böyrək köçürülməsinin tək çıxış yolu olduğunu bildiriblər. Şəhid Zaur Cəfərovun yadigarı gözlərimiz qarşısında məhv olmaqdadır, həyatla hər an vidalaşmaq təhlükəsi ilə üz-üzədir.
Əziz Mehriban xanım, 
Sizdən bir ana, bir şəhid ailəsi olaraq, övladımın həyatının xilası üçün mümkün olan dəstəyi göstərməyinizi xahiş edirəm. Körpə balama həyatda qalması üçün vacib olan böyrək köçürülməsi əməliyyatının həyata keçirilməsi üçün köməklik göstərməyinizi rica edirəm. Şəhid Zaur Cəfərovun ruhu xatirinə, onun övladını xilas edin! 
Onu da qeye edim ki, yaşadığımız Yeni Ramana qəsəbəsində görmə məhdiduyyətli uşaqlar üçün təhsil imkanı olmadığından övladlarım Cəfərli Həsən Zaur oğlu və Cəfərli Səlbi Zaur qızının hər ikisi Bakı şəhərinin Nərimanov rayonu ərazisində fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbinə getmək məcburiyyətindədirlər. Səlbinin səhhəti isə artıq xeyli vaxtdır ona uzaq məsafədə yerləşən məktəbə gedib-gəlməyə də imkan vermir. 
Mən Sizin necə ali dəyərlərə malik, necə humanist, şəhid ailələrinə necə qayğı ilə yanaşan insan olduğunuzu bilirəm. Ona görə də bir ananın fəryadına səs verəcəyinizə inanıram, əminəm. Öncədən Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə: Cəfərova Gülbəniz Ələsgər qızı

 

Xəbər lenti
Çox oxunanlar