Ali Məhkəmədə oğurluqda təqsirləndirilən İlkin Nərimanov və Vaqif Pənahlının barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Pənahlı 7 il 6 ay və İlkin Nərimanov isə 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Qeyd: Beyləqan Rayon Polis Şöbəsinə 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Mandarin LTD” MMC-nin kassadan 88 365 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub. 2020-ci il dekabrın 13-də RPŞ-yə daxil olmuş müraciətlə əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə 1-ci Şahsevən kəndində yaşayan İ.Nərimanov və V.Pənahlı oğurluqda şübhəli bilinərək saxlanılıblar. Dindirilmə zamanı şirkətin əməkdaşı kimi fəaliyyət göstərən V.Pənahlının pulu oğurlayaraq İ.Nərimanova verməsi müəyyən edilib. İ.Nərimanovun yaşadığı ünvana baxış keçirilən zaman döşəmənin altında sellofan paketdə gizlətdiyi, məbləğin bir qismi - 41 000 manat və 1 680 ABŞ dolları maddi sübut kimi götürülüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.