Qanunvericiliyə əsasən, sürücülük vəsiqəsi ilə bağlı müraciət edən zaman həmin şəxsdən ilk tələblər arasında tibbi yoxlanışla bağlı arayışlar yer alır. Bəs görəsən narkotik aludəçisi olan şəxslər sürücülük vəsiqəsini necə əldə edir?
“Bu gün ölkədəki işsizlik fonunda ən rahat və tez pul qazanmaq variantı taksi fəaliyyətidir. Sadəcə, onlayn qeydiyyatdan keçib, öz avtomobili ilə taksi faəliyyətini icra etmək mümkündür. Narkotik asılılığı olan adamlar üçün də əsas olan günlük qazancdır. Onlar bu qazancla narkotik vasitəyə olan tələbatını qarşılayırlar. Mən qətiyyən bütün taksi sürücüləri ilə bağlı bu fikri səsləndirmirəm, amma narkotik vasitə qəbul edən sürücülər içərisində niyə taksi sürücüləri çoxluq təşkil edir, bax bu ciddi məsələdir”.
Ekspert sürücülük vəsiqələrinin verilməsində qanunsuzluqların olduğunu diqqətə çatdırıb:
“Ola bilsin ki, şəxs sürücülük vəsiqəsi almaq üçün müraciət etdiyi vaxt hələ narkotik aludəçisi olmayıb, və daha sonra buna qurşanıb. Konkret demək olmaz ki, niyə bu cür sürücülərə sürücülük vəsiqəsi verilir. Bəlkə də onların bir hissəsi öncədən narkotik aludəçisi olublar və daha sonra tərgidiblər. Sürücülük vəsiqəsi aldıqdan sonra isə yenidən istifadəçiyə çevriliblər. Digər tərəfdən məlumdur ki, bu gün sürcülük vəsiqəsinin alınmasında korrupsiya çox əhəmiyyətli bir zəncirdir. Qeyri-qanuni formada pulunu verib sürücülük vəsiqəsi alan bəs qədər insan var və onlardan heç bir tibbi arayış tələb olunmur. Bəzi hallarda heç sürücülük vəsiqəsi olmadan maşın sürən insanlar da kifayət qədərdir”.