Marketdə ona çiyin atan şəxsi “beşbarmaq”la vurdu, həbs edildi

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vasif Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
 
İttihama görə, hadisə 02 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Sabunçu rayonunun inzibati ərazisi hesab edilən, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketdə qeydə alınıb. 
 
Belə ki, Vasif Əliyev həmin marketdə müştəri qismində olarkən tanımadığı digər müştəri, zərərçəkmiş Elçin Mustafayevin çiyni ilə onun çiyninə dəyməsini cüzi səbəb kimi bəhanə edib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə Vasif üzərindəki “beşbarmaq”la zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq, ona xəsarət yetirib. Sonra o, “beşbarmağ”ı hadisə yerində ataraq oradan uzaqlaşıb.
 
Hadisədən sonra Vasif Əliyev cinayət məsuliyyətinə cəlb edilib.
 
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 10 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib.
 

Xəbər lenti
Çox oxunanlar