Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşları – A.A., V.N. və S.H-ın. (hər üçü şərti) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Azdin.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək proses noyabrın 3-nə təyin edilib. Şikayət hakim Elçin Xasməmmədovun sədrliyi ilə araşdırılacaq.
Astara Rayon Məhkəməsinin hökmü ilə hər üç şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd olunub ki, həmin şəxslər cəzalarını çəkdikdən sonra Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılsın. İttihama görə, Əfqanıstan vətəndaşları olan həmin şəxslər işləmək məqsədi ilə birlikdə bu ilin yayında Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən pozublar. Onlar dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “N” nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən zastavası istiqamətində İrandan Azərbaycana keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar. Əcnəbilərin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.