Məhkəmə sahibkarı mağazada bıçaqlayan şəxsin işini prokurora qaytardı – QƏRAR

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Həsənlinin (şərti) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında dövlət ittihamçısı çıxış edib.

O, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs və müdafiəçisinin iş materialları ilə tanışetmə qaydasını pozduğuna görə işin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını istəyib. Eyni zamanda dövlət ittihamçısı ibtidai araşdırmanı aparmış müstəntiq barəsində kobud pozuntulara yol verdiyindən barəsində müvafiq tədbir görülməsi üçün xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş edib.

Məhkəmənin qərarına əsasən, cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. Mahir Həsənlinin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb.

İttihama görə, hadisə 14 may 2023-cü il tarixdə, saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, Mahir Həsənli mağazasının qarşısında dayanıb, tanışı ilə söhbət edərkən həmin obyekti işlədən zərərçəkmiş Nihat Qafarov (şərti) onun və digər şəxslərin mağazanın qarşısında dayanmalarına görə iradını bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Daha sonra Mahir mağazanın içərisinə daxil olaraq zərərçəkmişə üzərində gəzdirdiyi bıçaqla xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən zərbə endirib. Nəticədə Nihat Qafarov xəsarət alıb.

Hadisədən sonra Mahir Həsənli saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti
Çox oxunanlar