Bakıda yol qəzasında 2 nəfərin ölümündə təqsirləndirilən Xalid Quliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Azdin.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 16-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Quliyev 5 il 8 ay 11 gün azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə bu il avqustun 24-də paytaxtın Suraxanı rayonunda - Zığ şosesində baş verib. Belə ki, Xalid Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Nəticədə Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva ölüb. Daha sonra Xalid Quliyev saxlanılıb.
Xatırlatma: Qəza nəticəsində vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub. O, xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Anargül Mustafayeva isə 267 saylı orta məktəbdə müəllim işləyirmiş.