Ali Məhkəmədə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
İttiham aktına əsasən, Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin keçmiş müdiri Kərimov Yaşar Məlik oğlu əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi alıb.
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Y.Kərimovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Y.Kərimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin edib. Ali Məhkəmədə şikayətə baxılan zaman bildirib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Xatırlatma: Y.Kərimov prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.