Nişanlı oğlanı vuraraq öldürən “pravasız” sürücünün məhkəməsi başladı

Gəncə Apellyasiya Məhkəməsində Gəncədə avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən İzzət Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  
 
Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və İzzət Həsənov məhkəmə iclası zalında həbs olunub.
 
İttihama görə, hadisə 26 iyul 2023-cü il tarixdə, saat 09 radələrində Gəncə şəhəri, Atabəylər prospektində qeydə alınıb.
 
Belə ki, İzzət Həsənov sürücülük vəsiqəsi olmadan, ayıq vəziyyətdə idarə etdiyi “NAZ Lifan 320” markalı avtomobillə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü Rəşad Namazovu nəqliyyat vasitəsi ilə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 
 
Daha sonra İzzət Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
 
Qeyd: Rəşad Namazovun atası məhkəmədə dindirilərkən bildirib ki, oğlu nişanlı olub, hadisənin baş verdiyi ərəfələrdə toyu olacaqdı.

Xəbər lenti
Çox oxunanlar