Vətənə xəyanət edən gəmi kapitanı apellyasiya şikayəti verdi

Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
 
Azdin.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 29-na təyin edilib.
 
Şikayət hakimi Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.
 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əsgərov verilmiş ittihamla təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd: Gəmi kapitanı Z.Əsgərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xüsusi əməliyyatla həbs olunub. İttihama görə, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən 42 yaşlı Z.Əsgərov maddi maraq müqabilində xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib və onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Z.Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də həmin xarici ölkədə xüsusi xidmət orqanı nümayəndələri ilə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Xəbər lenti
Çox oxunanlar