Məhkəmə İcra və Probasiya Şöbəsində xuliqanlıq edən şəxslə bağlı qərar çıxardı

Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zaman Dadaşzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 11 ay 26 gün müddətinə azadlığın mədudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
 
İttihama görə, hadisə 18 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində Astara rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında qeydə alınıb. Belə ki, Zaman Dadaşzadə Astara rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Sabir Qarayevin (şərti) xidməti otağında uca səslə nalayiq sözlər işlədib. Daha sonra o, həmin otaqda olan masaya bir dəfə təpik zərbəsi vurub, onun üst hissəsini sındırıb və stolun üzərində olan bir ədəd “Hp” markalı kompüterin monitor saxlayıcı hissəsini zədələyib. 
 
Məhkəmədə Zaman Dadaşzadə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərib ki, daha əvvəl Astara Rayon Məhkəməsinin hökmü ilə 1 il islah işləri cəzasına məhkum olunub. Cəzasının icra olunması üçün hökm Astara rayon İcra və Probasiya şöbəsinə göndərilib və işi böyük icra məmuru Sabir Qarayevin icraatında olub. O deyib ki, cəzasının icra olunmasında maraqlı olduğuna görə dəfələrlə icra və probasiya şöbəsinə gedərək Sabir Qarayevin qəbulunda olub. Hadisə gönü də böyük icra məmurunun qəbuluna girib, ondan işini həll etməsini xahiş edib.  Həmin vaxt Sabir Qarayev ona məşğulluğa müraciət edildiyini, özünün iş axtarıb tapmasını söyləyib. 
 
Zaman Dadaşzadə bildirib ki, həmin vaxt bir qədər əsəbi olduğu üçün Sabir Qarayevlə mübahisə etməyə başlayıb, ondan ona iş tapmasını tələb edib. Böyük icra məmuru da otağa mühafizə polisinin işçisi çağırıb. Zaman isə bundan əsəbiləşib bir anlıq özündən çıxaraq otaqdakı masanın üzərinə bir dəfə təpik zərbəsi vurub. Zərbənin təsirindən masanın üzərində olan kompüter aşıb. Bu zaman dəhlizdə olan polis gəlib və onunla birlikdə binadan çölə çıxıb. 
 
O, hazırda əməlindən çox peşman olduğunu, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində olan 3 nəfər azyaşlı uşağı təkbaşına böyütdüyünü vurğulayıb.

Xəbər lenti
Çox oxunanlar