Tanışını 100 manat borca görə döyən şəxsə bəraət verildi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zaman Qafarovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, şikayət təmin edilib, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsindən CM-in 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. Nərimanov Rayon Məhkəməsinin 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü ləğv edilib. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi əsası ilə Zaman Qafarov cinayət məsuliyyətindən azad olunub və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
 
İttihama görə, hadisə 11 iyun 2023-cü il tarixdə, saat 14 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb. Zaman Qafarov tanışı, zərərçəkmiş Səlim Əsədzadədən (şərti) ilə ona verməli olduğu 100 manat pulu istəyib. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs yumruqla Səlimin sifətinin sol nahiyəsinə bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib.
 
Hadisədən sonra Zaman Qafarov cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti
Çox oxunanlar