“Ciyər axşamı”nda qardaşı oğlunu dəmir parçası ilə döyən şəxs məhkəmə zalından həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində Salyanda xuliqanlıqda təqsirləndirilən Ağabala Babayevin barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 
 
Salyan Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.
 
İttihama görə, hadisə 04 iyun 2023-cü il-də Salyan rayonu ərazisində qeydə alınıb.
 
Belə ki, Ağabala Babayev yaşadığı evin həyətində qızının növbəti gün keçiriləcək toy şənliyi münasibətilə təşkil etdiyi məclisdə (“ciyər axşamı”) qardaşı oğlu, zərərçəkmiş Rüfət Babayevlə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun qaynı ilə mübahisə etməsi olub. Sonra o, qardaşı oğlunun ünvanına ucadan nalayiq ifadələr işlədərək qəsdən yumruq, şillə və silah qismində istifadə etdiyi dəmir parçası ilə onun baş, üz və bədən nahiyələrinə çoxsaylı zərbələr vurub. Həmçinin təqsirləndirilən şəxs dəmir parçası ilə yaşadığı evin həyətində dayanmış vəziyyətdə olan zərərçəkmiş şəxsə məxsus “VAZ-211440” markalı avtomobilin ön alın və yan şüşələrini qəsdən sındırıb.
 
Hadisədən sonra Ağabala Babayev cinayət məsuliyyətinə cəlb edilib.
 

Xəbər lenti
Çox oxunanlar