Maşınla 2 yaşlı uşağı vuraraq öldürən FHN əməkdaşının cəzası ağırlaşdırıldı

Şəki Apellyasiya Məhkəməsində Mingəçevir şəhərində avtomobillə 2 yaşlı uşağı vuraraq öldürməkdə təqsirləndirilən Tural Şükürovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti isə qismən təmin olunub və Mingəçevir Şəhər Məhkəməsinin çıxardığı 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Onun cəzası 3 il 6 aya qaldırılıb. Tural Şükürov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
İttihama görə, hadisə  2022-ci il oktyabrın 5-də şəhərin Bozdağ küçəsində baş verib. 
 
Belə ki, Şükürov Tural Nəriman oğlu idarə etdiyi "VAZ-21120" markalı avtomobillə 2 yaşlı Kərimov Elgün Araz oğlunu vurub. Yaralı şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq bir neçə ay davam edən müalicələrə baxmayaraq, Elgün Kərimov yanvarın 17-də xəstəxanada vəfat edib.
 
Qeyd: Tural Şükürov Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Dəstəsinin yanğınsöndürəni vəzifəsində çalışır.

Xəbər lenti
Çox oxunanlar